Gözəl və bənzərsiz insan, görkəmli alim, fəal ictimaiyyətçi, nümunəvi ailə başçısı, sədaqətli ömür-gün yoldaşı, yaxşı dost, qohumcanlı Zakir Mikayıl oğlu Əsədov 1940-ci ildə Qubadlı rayonunda dünyaya göz açıb. Atası Mikayıl kişi Böyük Vətən müharibəsi qurbanlarından olmuşdur.
Anası-Firuzə Seyidəli qızı Qubadlıda sayılıb seçilən bir nəslin qızı olub. Firuzə xanımın qardaşları Mirağa müəllim, Yusif müəllim, Mehdi müəllim dövrlərinin tanınmış ziyalıları, alimləri son dərəcə təmiz, mərd, mübariz, əqidəli insanlar olublar.
Firuzə nənə övladları üçün hər zəhmətə qatlaşaraq onları oxudub, təhsil verib, alim kimi yetişdirib. Zakir Əsədovun 59 illik qısa ömrünün 36 ili Sumqayıt şəhəri ilə bağlı olmuşdur.
1963-cü ildə Kimya Sənayesi müəssisəsində fəhlə kimi fəaliyyətə başlamış, direktor müavini, Layihə institutunun direktoru vəzifəsinədək yüksəlmişdi. Kimya sənayəsində gördüyü əməli işlər yüksək qiymətləndirilmişdi.
SSRİ Kimya və “Neft Sənayesi” əlaçısı, “Əməkdar inşaatçı”, “Əmək veteranı” idi. Cəmi 59 il ömür sürdü. Əməksevərliyi, işgüzarlığı, təşkilatçılığı və səmimiliyi ilə yaddaşlara əbədi həkk olundu.
Tələbkarlığı, nizam-intizam sevən, bacarıqlı mütəxəssis, qayğıkeş insan, ləyaqətli ailə başçısı, əziz ata - Zakir Əsadov az danışar, kəsərli cavabları olardı. Sakit səsinin səmimiliyi söhbət zamanı daha çox özünü biruzə verirdi.
Təbiətə, incəsənətə, kainata, möcüzələrə marağı olan kamil insan idi. Vaxtsız ölüm onu aramızdan tez apardı, ömür vəfa etmədi.
Şimşək olub, çaxıb getdin
Çaylar kimi axıb getdin
Dünya boyda pəncərədən
Bir gün sən də baxıb getdin.
Ləyaqətli ömür sahibi Zakir Əsədov bu dünyaya vaxtsız vida etsədə, özündən sonra cəmiyətimiz üçün çox gərəkli övladlar qoyub getmişdir. Bu övladların tərbiyəsində onun həyat yoldaşı Qətibə Əsədovanın danılmaz rolu vardır. Qətibə Əsədova Respublika Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim, adına və Tərəqqi” medalına layiq görülmüşdür. Həmişə məsul vəzifələrdə işləmiş, hal – hazırda təqaüddədir.
Qızı – Rəcəbli ( Əsədova) Təranə Zakir qızı Sumqayıt Tibb Mərkəzi PHŞ direktor müavini və Sumqayıt Perinatal Mərkəzin rəhbəridir. Xalqına, millətinə canı könüldən xidmət etməyi həyat amalı seçmiş, Sumqayıt şəhərinin ictimai həyatında və səhiyyəmizdə həm həkim kimi, həm də şəxsiyyət kimi hörmət və ehtirama layiq görülmüş milli ruhlu, vətənpərvər xanımdır. Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə “Əməkdar həkim” adına layiq görülüb.
Qızı – Hacıyeva ( Əsədova) Pərvanə Zakir qızı Sumqayıt Reablitasiya Mərkəzinin baş həkimidir. Vətənpərvər, zərif duyğulu, insanlara dəyər verməyi bacaran, ictimaiyyətçi, dövlətə, dövlətçiliyə sədaqətli vətəndaş, qayğıkeş, ürəklərə yol tapan ürək həkimidir. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.
Oğlu– Əsədov Pərvin Zakir oğlu yüksək savada, intellektə malik zəhmət sevərliyi ilə, əsl kişiyə məxsus xüsusiyyətləri ilə seçilən, böyük hörmət sahibi oğuldur. Uzun illərin dövlət qulluqçusudur.
Sağ qalsaydı 7 nəvəsinin cəmiyyətimizə necə yararlı olduğunu görərdi və 7 nəticəsinə baxıb sevinərdi. Allah rəhmət eləsin. Ruhu şad olsun.
Azərbaycan Respublikasının Əməkdar müəllimi “Tərəqqi” medallı
Qətibə Əsədova