Geri qayıt Çap et

Ötən ay 34 nəfər fiziki zorakılığa məruz qalıb - Komitə

Mart ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı edilən müraciətlərin sayı açıqlanıb.

DenMedia.az trend.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova məlumat verib. 

Onun sözlərinə görə, 2026-cı ilin mart ayı ərzində Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 38 müraciət daxil olub:

"Müraciət edənlərin 8-i kişi, 29-u qadın, 1-i isə uşaq olub. Kişi müraciətləri ilə bağlı qeyd etmək istərdik ki, daxil olan 8 müraciətin hər biri uşaqların anaları tərəfindən psixoloji və iqtisadi zorakılığa məruz qalma halları ilə bağlıdır.

Bu müraciətlərin heç biri fiziki zorakılıqla əlaqəli olmayıb; əsasən uşaqlarla bağlı ünsiyyət problemləri və digər məsələləri əhatə edib. Komitəyə kişilər tərəfindən fiziki zorakılıqla bağlı müraciət daxil olmayıb.

Ümumilikdə, daxil olan 38 müraciətin 34-ü fiziki, 2-si psixoloji, 2-si isə iqtisadi zorakılıq halları ilə bağlı olub. Mart ayı ərzində Dövlət Komitəsinə cinsi zorakılıqla bağlı müraciət daxil olmayıb".

O qeyd edib ki, bütün müraciətlər nəzarətə götürülüb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara yönləndirilib.