Geri qayıt Çap et

Abşeronda sahibsiz itlərə qayğı əli uzadıldı – Yığıma start verildi-VİDEO

Son aylarda Abşeron rayonunda sahibsiz heyvanlarla, xüsusilə küçə itləri ilə bağlı vətəndaş müraciətlərinin sayı artıb. Rəsmi məlumata görə, son 3 ay ərzində Abşeron Rayon İcra Hakimiyyətinə və “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi”nə 200-dən artıq müraciət daxil olub.
Bu barədə DenMedia.az-a Abşeron rayon İcra Hakimiyyətindən məlumat verilib.
Belə ki, vətəndaşların artan narahatlıqlarını nəzərə alaraq, Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” tərəfindən ərazidə genişmiqyaslı tədbirlər həyata keçirilib. Tədbirlərin davamı olaraq, Masazır kəndi və digər yaşayış məntəqələrində sahibsiz itlərin yığılması, müvafiq qaydada sığınacağa yerləşdirilməsi işləri aparılıb. Mərkəzin əməkdaşları tərəfindən toplanan heyvanlar humanist metodlarla qısırlaşdırılıb, quduzluq əleyhinə peyvənd olunub və identikləşdirilib (qulaq birkası vurulub).
Eyni zamanda, xəstəliyə şübhəli heyvanlar baytar nəzarətinə götürülüb, sağlam və qısırlaşdırılmış heyvanlar isə yenidən öz ərazilərinə qaytarılıb.
Mütəxəssislərin sözlərinə görə, sahibsiz itlər təhlükəli yoluxucu, zoonoz və invazion xəstəliklərin daşıyıcısı ola bilər. Dişləmələr nəticəsində quduzluq kimi ölümcül xəstəliklərə yoluxma halları da müşahidə olunur.
Qeyd edək ki, Abşeron rayonunda sahibsiz küçə itlərinin çoxalması bir sıra sakinlər üçün ciddi narahatlıq doğurur. Əksər hallarda it hücumlarına uşaqlar məruz qalır. Mütəxəssislər hesab edirlər ki, təhlükənin qarşısını almaq üçün önləyici tədbirlər – yəni heyvanların vaxtında qısırlaşdırılması, peyvəndlənməsi və nəzarət altına alınması – ən effektiv yoldur.
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” və Abşeron Rayon İcra Hakimiyyəti bildirir ki, insanların təhlükəsizliyinin təmin olunması, eyni zamanda heyvanlara qarşı humanist yanaşmanın qorunması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
Ellada Rəsul
DenMedia.az