Geri qayıt Çap et

Paxlava UNESCO siyahısına düşə bilər: Azərbaycan və Türkiyədən ortaq addım

Türkiyə və Azərbaycan paxlavanın UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilməsi üçün birgə müraciət edib.

Bu barədə Türkiye qəzeti yazıb.

Məlumata görə, müraciətlə bağlı yekun qərar 30 noyabr - 5 dekabr tarixlərində Çinin Syamen şəhərində keçiriləcək UNESCO Hökumətlərarası Komitəsinin iclasında qəbul olunacaq.

Türkiyə və Azərbaycan paxlavanın siyahıya “baklava” və “pakhlava” adları ilə daxil edilməsi üçün birgə müraciət təqdim edib.

Türkiyə rəsmiləri UNESCO-nun müsbət qərar verəcəyini gözləyirlər. Nəşrin yazdığına görə, bu qərar Yunanıstanın bu şirniyyata sahib çıxmaq cəhdlərinin qarşısını ala bilər.

Daha əvvəl, 2013-cü ildə Qaziantep paxlavası Türkiyə məhsulları arasında ilk dəfə Avropa İttifaqında qorunan status almışdı. O, Avropa Komissiyası tərəfindən qorunan coğrafi göstəricili məhsul kimi qeydiyyata alınmışdı.

Qəzet qeyd edir ki, Yunanıstan bal, qoz-fındıq və nazik xəmirdən hazırlanan bu şirniyyatların türklərdən əvvəl Bizansda və Egey adalarında mövcud olduğunu iddia edir. Yunanıstan paxlavanı menyulara “Yunan paxlavası” kimi daxil edir.

Türkiyə qəzetinin yazdığına görə isə tarixçilər bu desertin indiki görünüşünü Osmanlı saray mətbəxində aldığını bildirirlər. Paxlavanın adı Fateh Sultan Mehmed dövründən, yəni XV əsrdən etibarən saray dəftərlərində çəkilir.

UNESCO-nun qeyri-maddi mədəni irs siyahısı şifahi ənənələr, ifa sənəti, mərasimlər, bayramlar, sənətkarlıq və biliklərin qorunması məqsədilə yaradılmış beynəlxalq reyestrdir. Siyahıya nəsildən-nəslə ötürülən və xalqların mədəni kimliyini formalaşdıran 600-dən çox unikal nümunə daxildir.

DenMedia.az