Geri qayıt Çap et

Yeşilçamın əfsanəvi siması Kadir İnanır həyatını itirdi - FOTO

Türk kinosunun usta simalarından Kadir İnanır müalicə aldığı xəstəxanada həyatını itirib.

Bir müddətdir səhhətində problemlər yaşayan İnanır 14 mayda sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Ağciyərindəki infeksiya səbəbindən reanimasiyaya alınan aktyorun vəziyyəti 22 mayda ağırlaşıb və o, entubasiya edilib.

Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, 77 yaşlı usta aktyoru xilas etmək mümkün olmayıb.

Kadir İnanırın ölümü Türk kinosunun qızıl dövrünə şahidlik etmiş bir mərhələnin sonu kimi dəyərləndirilir. Sənətçinin dəfn mərasimi ilə bağlı məlumatların yaxın saatlarda ailəsi tərəfindən açıqlanacağı gözlənilir.

Kadir İnanır 15 aprel 1949-cu ildə Ordu şəhərində anadan olub. Aktyor, rejissor və keçmiş model kimi tanınan İnanır Fatsada böyüyüb.

O, 1967-ci ildə “Ses” jurnalının keçirdiyi “Sinema Artisti Yarışması”nda finala qalıb, 1968-ci ildə isə “Saklambaç” qəzetinin təşkil etdiyi “Fotoroman Artisti Yarışması”nda birinci olub.

Bir müddət fotoromanlarda çəkilən İnanır kinoya “Yedi Adım Sonra” filmi ilə başlayıb. İlk baş rolunu isə 1970-ci ildə Atıf Yılmazın rejissorluğu ilə çəkilən “Kara Gözlüm” filmində canlandırıb. Bu filmdə o, Türkân Şorayla baş rolu paylaşıb.

Daha sonra Türkân Şorayla bir çox filmdə rol alan Kadir İnanır Yeşilçamın ən məşhur kişi ulduzlarından birinə çevrilib.

Sənətçi “Utanç”, “Yılanların Öcü” və “Medcezir Manzaraları” filmlərindəki rollarına görə müxtəlif festivallarda “Ən yaxşı kişi aktyor” mükafatlarına layiq görülüb.

2000-ci ildə Sinan Çetinin “Komser Şekspir” filmində rol alan İnanır, 2003-cü ildə “Gönderilmemiş Mektuplar” filmi ilə 24 ildən sonra Türkân Şorayla yenidən kamera qarşısına keçib.

Kadir İnanır 2012-ci ildə bel yırtığı əməliyyatı keçirmiş, daha sonra ağciyərində aşkarlanan şiş səbəbindən əməliyyat olunmuşdu.

DenMedia.az