Geri qayıt Çap et

Ərinin ölümünə dözmədi: İran qadınlarının səsinə çevrilən Marjan Satrapi 56 yaşında vəfat etdi - FOTO

“Persepolis” əsərinin müəllifi, İran əsilli fransız yazıçı və rejissor Marjan Satrapi 56 yaşında vəfat edib.

KİV-in məlumatına görə, Satrapi həyat yoldaşı Mattias Ripanın ölümündən sonra yaşadığı ağır kədərə tab gətirə bilməyib. Onun yaxınları yazıçının “kədərdən öldüyünü” bildiriblər. Mattias Ripa 2025-ci ilin aprelində vəfat etmişdi.

Marjan Satrapi dünya şöhrətini avtobioqrafik “Persepolis” komiksi ilə qazanmışdı. Əsərdə o, İranda 1979-cu il İslam İnqilabı, dini mühafizəkarların hakimiyyətə gəlişi, qadınların həyatı, müharibə, sürgün və kimlik axtarışını şəxsi hekayəsi üzərindən təsvir etmişdi.

Satrapi 1969-cu ildə İranın Rəşt şəhərində anadan olub. Uşaqlıq və gənclik illərini Tehranda keçirib. 14 yaşında təhsil üçün Avstriyaya göndərilib, daha sonra İrana qayıdıb və sonradan Fransaya köçüb. Burada incəsənət təhsili alaraq komiks müəllifi, rəssam və rejissor kimi tanınıb.

Onun yaradıcılığında mühacirət, yaddaş, kimlik, qadın hüquqları və siyasi repressiyalar əsas mövzular olub. Satrapi təkcə yazıçı kimi deyil, həm də İran qadınlarının səsini dünyaya çatdıran simalardan biri kimi yadda qalıb.

“Persepolis” daha sonra animasiya filminə çevrilib və beynəlxalq mükafatlara namizəd göstərilib. Bu əsər Satrapini müasir dövrün ən tanınmış qrafik roman müəlliflərindən birinə çevirib.