Romadakı Sant-Anezə-fuori-le-Mura kilsəsində yerləşən İsa Məsihin mərmər büstünün məşhur Renessans ustası Mikelancelo Buonarrotiyə aid olduğu müəyyən edilib. Bu barədə The Independent məlumat yayıb.
İtalyan tədqiqatçı Valentina Salerno heykəli on il davam edən arxiv araşdırmalarından sonra Mikelancelonun əsəri kimi tanıyıb. O, tapdığı sənədlərin itmiş hesab edilən bu heykəlin böyük ustanın əl işinə aid olduğunu birbaşa göstərdiyini bildirib.
Araşdırma həm də uzun müddət yayılan bir fikri təkzib edir. Belə hesab olunurdu ki, Mikelancelo son dövr əsərlərini məhv edirdi, lakin tapıntı göstərir ki, o, bəzi işlərini şagirdlərinə və etibar etdiyi şəxslərə ötürürdü.
Salerno etiraf edib ki, onun incəsənət üzrə akademik təhsili yoxdur, lakin bu kəşfdən sonra özünü əsl detektiv kimi hiss etdiyini bildirib.
Əvvəllər naməlum müəllifin işi hesab edilən büst indi kilsənin yan kapellasındakı ayrı bir altar üzərində və təhlükəsizlik siqnalı altında yerləşdirilib.
Salernonun sözlərinə görə, bu tapıntı yalnız başlanğıcdır. O hesab edir ki, Roma kilsələrində və arxiv anbarlarında Mikelanceloya aid başqa gizli şah əsərlər də ola bilər.