Azərbaycanı “Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsində təmsil edəcək JIVA-nın “Just Go” adlı mahnısı və onun rəsmi musiqi videosu ictimaiyyətə təqdim olunub. Təqdimatdan sonra sosial şəbəkələrdə layihə ilə bağlı müzakirələr başlayıb. Bir qisim istifadəçi mahnının müsabiqəyə uyğun olmadığını, klipin isə tələsik və qeyri-peşəkar şəkildə hazırlandığını iddia edir. Bununla yanaşı, mahnını və klipi bəyəndiyini deyənlər də var.
Azərbaycan sözügedən mahnı ilə “Avroviziya 2026”-da qalib ola bilərmi?
Denmedia.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan tanınmış prodüser Anar Mədətov deyib ki, Azərbaycanın Avroviziya tarixində maraqlı layihələr də olub:
“İlk iştirakçılarımızdan olan Elnur Hüseynov və Samir Cavadzadə yaxşı şəxış etmişdilər. Elnur çox istedadlı ifaçıdır. Mən onu vaxtilə “Sing Your Song” layihəsindən tanıyıram və həmin layihədə münsiflər heyətində olarkən onu seçmişdim. Aysel Teymurzadənin Araşla çıxışı yadda qalanlardan idi. Ən böyük uğurlardan biri isə şübhəsiz ki, Eldar Qasımov və Nigar Camalın qalibiyyəti oldu”.
A.Mədətov builki təmsilçimizin mahnısında və klipində xüsusi diqqətçəkən məqam görmədiyini qeyd edib:
“Artıq Avroviziya üzrə işləyən yaradıcı komandanın dəyişməsi barədə düşünmək lazımdır. Bəsdir kimlərisə yedizdirdiniz. Bizdə onlardan da yaxşı bəstəkarlar, maraqlı ifaçılar var. Onları niyə cəlb etmirsiniz?! Mən burada ifaçını qınamaq istəmirəm. Hər bir ifaçı özünəməxsusdur və hörmətə layiqdir. Lakin layihənin ümumi konsepsiyası, mahnı seçimi və yanaşma daha güclü ola bilərdi”.
Prodüser deyib ki, Azərbaycanın çox zəngin musiqi mədəniyyəti, gözəl melodiyaları və milli koloritə malik bəstələri var:
“Niyə düşmənlərimiz bizim milli koloritlərimizi istifadə etməlidirlər, biz isə başqalarının dediyini etməliyik?! Hazırkı mahnının qalib olacağına inanmıram. Buna baxmayaraq, ifaçıya uğurlar arzulayıram. Ümid edirəm ki, səsimə səs verib, layihəyə yeni bəstəkarlar, aranjimançılar və Azərbaycan musiqisini daha dərindən sevən yaradıcı insanlar cəlb edərlər”.