Təzə əncir, mozzarella pendiri və reyhanla hazırlanan bu ləzzətli salat həm yüngül, həm də fərqli dadı ilə seçilir. Balzamik sousun xüsusi dad qatdığı bu resepti əncir mövsümü bitməmiş sınamağa dəyər.
Porsiya: 3–4 nəfərlik
Hazırlanma müddəti: 15 dəqiqə

4–5 ədəd təzə əncir
125 qram mozzarella pendiri
10–12 ədəd təzə reyhan yarpağı
1 xörək qaşığı təmizlənmiş balqabaq tumu
8–9 ədəd qovrulmuş keşyu qozu
2 xörək qaşığı balzamik sirkə
3 xörək qaşığı təbii sızma zeytun yağı
1 desert qaşığı bal
Yarım çay qaşığı təzə üyüdülmüş qara istiot
Yarım çay qaşığı duz

1. Əncirləri yuyub qurulayın və alma dilimləri formasında doğrayın. Mozzarella pendirini də eyni qaydada dilimləyin.
2. Əncir və pendir dilimlərini geniş, yastı boşqaba sərbəst şəkildə düzün.
3. Üzərinə təzə reyhan yarpaqlarını, balqabaq tumunu və qovrulmuş keşyu qozlarını səpin.
4. Sous üçün nəzərdə tutulan bütün ərzaqları kiçik bir qabda yaxşıca qarışdırın.
5. Hazırladığınız sousu salatın üzərinə gəzdirin.
Balqabaq tumu və keşyu qozu əvəzinə fındıq, qoz ləpəsi və ya badamdan da istifadə edə bilərsiniz.