Endokrinoloq Rima Patel sümük sağlamlığını qorumağa və sümük kütləsinin azalmasının qarşısını almağa kömək edən səhər yeməyini açıqlayıb.
Parade nəşrinə danışan mütəxəssis səhər yeməyində kalsium və zülalla zəngin məhsullara üstünlük verməyi tövsiyə edib.
Onun sözlərinə görə, qatqısız, vitaminlərlə zənginləşdirilmiş yunan yoqurtuna doğranmış badam, çia toxumu və təzə çiyələk əlavə etməklə sümük sağlamlığı üçün faydalı səhər yeməyi hazırlamaq mümkündür.
“Yunan yoqurtu kalsium və yüksək keyfiyyətli zülalla zəngindir. Sümüklərin həcminin təxminən 50 faizini məhz zülal təşkil edir”, – deyə endokrinoloq bildirib.

Patel qeyd edib ki, badamın tərkibində sümüklərin struktur komponentlərindən biri olan maqnezium mövcuddur. Bu mikroelementə çia toxumlarında da rast gəlinir. Çia toxumları, həmçinin, bitki mənşəli kalsium, fosfor, dəmir və sinklə zəngindir.
C vitamini ilə zəngin olan çiyələk isə iltihabəleyhinə xüsusiyyətlərə malikdir və sümük toxumasının bərpasına kömək edir.
Mütəxəssisin sözlərinə görə, bu məhsullar birlikdə orqanizmi sümüklərin möhkəmliyini qorumaq üçün lazım olan əsas makro və mikroelementlərlə təmin edir.