Şokoladlı biskvit və zərif südlü kremdən hazırlanan bu desert ağızda əriyən yumşaq quruluşu ilə seçilir. Nişasta və şokolad əlavə edilmədən, kakao, qaymaq və qatılaşdırılmış südlə hazırlanan südlü dilim tortu həm gündəlik çay süfrəsi, həm də xüsusi günlər üçün uyğundur.
Biskvit üçün:
120 q un
10 q qabartma tozu
20 q kakao
120 q şəkər tozu
4 yumurta
1 xörək qaşığı bal
Bir çimdik duz
Vanilin
Südlü krem üçün:
10 q jelatin
60 ml su
350 ml 33–35%-li qaymaq
10 q şəkər tozu
170 q qatılaşdırılmış süd
Vanilin
Yumurtaları şəkər tozu ilə köpüklənənədək çalın. Balı əlavə edin. Daha sonra un, kakao, qabartma tozu və duzu qarışığa qatın. Hazırlanan xəmiri 180 dərəcədə təxminən 25 dəqiqə bişirin. Biskvit soyuduqdan sonra onu iki bərabər qata bölün.
Jelatini suda isladın və tam həll olunana qədər isidin. Qaymağı şəkər tozu ilə çalın, üzərinə qatılaşdırılmış süd və vanilin əlavə edin. Daha sonra həll edilmiş jelatini qarışığa töküb yaxşıca qarışdırın.
Formanın dibinə biskvitin birinci qatını yerləşdirin, üzərinə südlü kremi yayın və ikinci biskvit qatı ilə örtün.
Deserti 3 saat soyuducuda saxlayın. Soyuduqdan sonra dilimlərə bölərək süfrəyə verin.