Tailandda ucqar kəndlərdən birinin sakinləri 90 yaşdan yuxarı qadını bank hesabına girişini bərpa edə bilməsi üçün xərəkdə 9 kilometr daşıyıblar. Bu barədə “Thaiger” məlumat yayıb.
Hadisə Myanma ilə sərhədə yaxın Kançanaburi əyalətində baş verib. Yaşlı qadın demək olar ki, müstəqil şəkildə hərəkət edə bilmir. Onun bank kartı işləmədiyindən şəxsiyyətinin təsdiqlənməsi üçün banka şəxsən gəlməsi tələb olunub.
Qadının hesabına yaxınları hər ay yaşayış və qulluq xərcləri üçün pul köçürürlər. Lakin təqaüdçünün yaşadığı kəndə avtomobillə getmək mümkün deyil.
Buna görə də yerli sakinlər və könüllülər qadını xərəyə uzadaraq yağış altında təxminən 9 kilometr – avtomobilin çata bildiyi ən yaxın yerədək daşıyıblar.
Hadisə sosial şəbəkələrdə geniş yayılıb. İstifadəçilər kənd sakinlərinə göstərdikləri köməyə görə təşəkkür etməklə yanaşı, hakimiyyət orqanlarını və bankları ucqar ərazilərdə yaşayan yaşlı və yataq xəstələri üçün səyyar xidmətlər təşkil etməyə çağırıblar.