Axşam yeməyini saat neçədə yemək daha düzgündür? Həkim Ana Peres Ballesta bunun üçün hamıya uyğun konkret saatın olmadığını bildirib.
El Confidencial nəşrinin məlumatına görə, həkim izah edib ki, sonuncu yeməyin vaxtı insanın nə zaman yatmasından asılıdır.
Əsas qayda axşam yeməyini yatmazdan iki-üç saat əvvəl yeməkdir. Ballestanın sözlərinə görə, məhz bu zaman aralığı hər bir insan üçün fərdi olaraq ən uyğun vaxt hesab edilə bilər.

Həkim gec saatlarda yeməyin mütləq şəkildə gecə istirahətinə zərər verdiyi barədə geniş yayılmış fikrə də münasibət bildirib. Onun sözlərinə görə, qidanın həzm olunması orqanizmdə bərpa, hormonal tənzimləmə və hüceyrələrin yenilənməsi proseslərinin qarşısını almır.
Ballesta qeyd edib ki, insan hər hansı bir gün adi rejimindən çıxaraq axşam yeməyini həmişəkindən daha gec yeyibsə, buna görə narahat olmağa ehtiyac yoxdur.