Çox isti çay və qəhvəni mütəmadi içmək qida borusu xərçəngi riskinin artması ilə əlaqəli ola bilər. Bu barədə NEWS.ru-ya biotexnoloq, qidalanma və aktiv uzunömürlülük üzrə ekspert Yelena Jelyanina bildirib.
Ekspertin sözlərinə görə, Oksford Universitetinin alimlərinin apardığı genişmiqyaslı araşdırmada 977 282 nəfərin məlumatları təhlil edilib və iştirakçılar təxminən 14 il ərzində izlənilib.
Araşdırmanın nəticələrinə əsasən, çox isti içkilərə üstünlük verən insanlarda qida borusunun yastıhüceyrəli xərçəngi riski ilıq içkilər qəbul edənlərlə müqayisədə təxminən üç dəfə yüksək olub. Mütəxəssis vurğulayıb ki, müəyyən edilən əlaqə çay və ya qəhvənin özü ilə deyil, məhz içkinin temperaturu ilə bağlıdır.

“Yandıracaq dərəcədə isti çay və ya qəhvə içmək vərdişi göründüyü qədər zərərsiz olmaya bilər”, – Jelyanina xəbərdarlıq edib.
Onun sözlərinə görə, Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi hələ 2016-cı ildə 65°C-dən yüksək temperaturda qəbul edilən çox isti içkiləri insanlar üçün ehtimal olunan kanserogen amil kimi təsnif edib.
Bununla belə, mütəxəssis qeyd edib ki, bir fincan isti çay və ya qəhvə birbaşa xərçəngə səbəb olmur. Söhbət çox isti içkilərin mütəmadi qəbulu nəticəsində qida borusunun selikli qişasının təkrar istilik zədələnməsinin yarada biləcəyi potensial riskdən gedir.