Geri qayıt Çap et

“Səssiz qatil”in ilk əlamətləri: Bu simptomlara diqqət

Qarında şişkinlik yumurtalıq xərçənginin ilk əlamətlərindən biri ola bilər.

Bu barədə NEWS.ru-ya onkoloq, “Gemotest” laboratoriyasının eksperti, tibb elmləri namizədi Anastasiya Fatyanova bildirib.

Həkimin sözlərinə görə, bu əlamət çox vaxt səhvən mədə-bağırsaq sistemi problemləri ilə əlaqələndirilir.

Fatyanova qeyd edib ki, 50 yaşdan sonra qadın orqanizmi menopauza dövrünə daxil olur və bu mərhələdə diqqət tələb edən bir çox simptom hormonal dəyişikliklərlə izah edilir. Onun sözlərinə görə, diaqnostika baxımından ən təhlükəli xəstəliklərdən biri ginekoloji onkoloji patologiyalardır.

Onkoloq bildirib ki, yumurtalıq xərçəngi qeyri-müəyyən və aydın olmayan simptomlara görə “səssiz qatil” adlandırılır. Bu zaman qadın konkret ağrıdan çox qarın boşluğunda davamlı narahatlıq, dolğunluq hissi və ya şişkinlik hiss edə bilər.

“Bu hisslər çox vaxt qidalanmadakı səhvlərlə və ya yaşla bağlı mədə-bağırsaq pozuntuları ilə əlaqələndirilir”, — deyə həkim xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, narahatedici əlamətlər arasında yemək zamanı tez doyma hissi, səbəbsiz iştahasızlıq, tez-tez sidiyə getmə və qarın həcminin artması da var. Bu simptomlar qadını uzun müddət, bəzən bir ilə qədər narahat edə bilər və yalnız bundan sonra düzgün diaqnoz qoyula bilər.

Fatyanova həmçinin bildirib ki, 50 yaşdan sonra qadınlarda ən çox aşkarlanan xəstəliklərdən biri də endometrium xərçəngidir. Bu xəstəliyin klassik və çox vaxt ilk əlaməti menstruasiya dövrü ilə bağlı olmayan qanlı ifrazatlardır.

Həkim vurğulayıb ki, postmenopauza dövründə istənilən qanlı ifrazat, hətta az miqdarda olsa belə, norma kimi qəbul edilməməlidir. Onun sözlərinə görə, belə hallar bəzən selikli qişanın quruluğu və ya zədələnməsi ilə əlaqələndirilir və qadınlar vaxtında həkimə müraciət etmirlər.

Onkoloq əlavə edib ki, sistemli simptomları görməzdən gəlmək təhlükəlidir. Səbəbsiz çəki itkisi, davamlı zəiflik və tez yorulma çox vaxt stress və gündəlik yüklənmə ilə izah olunur. Lakin bu əlamətlər şişlə bağlı metabolik dəyişikliklərə də işarə edə bilər.

DenMedia.az