Geri qayıt Çap et

Bu vitaminləri özbaşına qəbul etmək təhlükəli ola bilər - FOTO

Bəzi qida əlavələrinin nəzarətsiz qəbulu ciddi fəsadlara səbəb ola bilər. Bu barədə **“Газета.Ru”**ya “SM-Klinika”nın uşaq endokrinoloqu və nutrisoloqu Darya Xaykina xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, xüsusilə insanların çox vaxt analiz vermədən və həkimlə məsləhətləşmədən qəbul etməyə başladığı məşhur vitamin və mikroelementlərə qarşı ehtiyatlı olmaq lazımdır.

Belə maddələrdən biri D vitaminidir.

Xaykina bildirib ki, D vitamini həqiqətən də tez-tez çatışmazlıq şəklində müşahidə olunur və buna görə onun populyarlığı anlaşılandır. Lakin bir çox insan internet məsləhətlərinə əsaslanaraq bu vitamini analizsiz qəbul etməyə başlayır.

Həkim qeyd edib:

D vitamini orqanizmdə toplanır. Doza düzgün seçilmədikdə zəiflik, ürəkbulanma, ürək ritminin pozulması və qanda kalsium səviyyəsinin yüksəlməsi yarana bilər. Buna görə də burada “nə qədər çox olsa, bir o qədər yaxşıdır” prinsipi işləmir.

Onun sözlərinə görə, dəmir preparatları ilə də son dərəcə ehtiyatlı davranmaq lazımdır. Bu, özbaşına qəbul üçün ən təhlükəli əlavələrdən biridir. Bir çox insan, xüsusilə qadınlar, yorğunluğu dəmir çatışmazlığı ilə əlaqələndirərək onu həkim məsləhəti olmadan qəbul etməyə başlayırlar. Halbuki yorğunluğun onlarla səbəbi ola bilər.

Mütəxəssis bildirib ki, dəmirin artıq qəbulu qaraciyərin zədələnməsinə, oksidləşdirici stressin artmasına və dəmirin toxumalarda toplanmasına səbəb ola bilər. Buna görə də qəbuldan əvvəl ən azı ferritin səviyyəsini və ümumi qan analizinin göstəricilərini bilmək məsləhətdir.

Xaykina nəzarətsiz qəbul zamanı potensial təhlükəli ola biləcək əlavələr siyahısına xlorofilli də daxil edib. Son illərdə bu əlavəyə orqanizmi “təmizləmək”, cavanlaşdırmaq, dərinin vəziyyətini yaxşılaşdırmaq və hətta arıqlamağa kömək etmək kimi təsirlər aid edilir. Lakin bu iddiaların əksəriyyətini təsdiqləyən ciddi sübutlar yoxdur.

Həkim xəbərdarlıq edib:

Maye xlorofillin bir çox formasında mis var. Uzun müddət nəzarətsiz qəbul zamanı onun səviyyəsi yüksələ bilər. Mis artıqlığı isə toksikdir və qaraciyər ilə sinir sisteminə zərər verə bilər.

Mütəxəssis ayrıca A vitamininə də diqqət çəkib. Bu vitamin yağda həll olunan vitaminlərə aiddir və orqanizmdə toplana bilər.

Xaykina deyib:

Çox vaxt problemlər eyni anda polivitaminlər, dəri, görmə və immunitet üçün komplekslər qəbul edən insanlarda yaranır. Nəticədə A vitamini orqanizmə bir neçə mənbədən daxil olur. Xroniki artıq qəbul zamanı baş ağrıları, dərinin quruması, qaraciyər problemləri və sümük toxuması ilə bağlı pozuntular mümkündür.

Ehtiyat tələb edən daha bir məşhur əlavə isə sinkdir.

Həkimin sözlərinə görə, pandemiya dövründə sink immuniteti dəstəkləmək üçün ən populyar əlavələrdən birinə çevrilib. Lakin o, yalnız məqbul miqdarda faydalıdır.

Xaykina bildirib:

Sinkin artıq qəbulu ürəkbulanma, qarın ağrısı, baş ağrıları, “yaxşı” xolesterinin səviyyəsinin azalması və immun sisteminin fəaliyyətində pozuntular yarada bilər. Bundan başqa, yüksək dozaların uzunmüddətli qəbulu mis çatışmazlığına səbəb ola bilər.

Mütəxəssis vurğulayıb ki, qida əlavələri zərərsiz vasitə kimi qəbul edilməməlidir. Onların istifadəsi, xüsusilə uzunmüddətli qəbul planlaşdırılırsa, analizlərə və həkim tövsiyəsinə əsaslanmalıdır.

DenMedia.az