Ən çox rast gəlinən sağlamlıq problemlərindən biri müxtəlif patologiyalar səbəbindən yaranan oynaq ağrılarıdır. Dietoloq Mixail Ginzburq bu yorucu simptomları daha da ağırlaşdırmamaq üçün hansı qidalardan uzaq durmaq lazım olduğunu açıqlayıb.
Həkim “Moskva 24” kanalına açıqlamasında oynaq ağrıları zamanı qəbul edilməsi məsləhət görülməyən məhsulların siyahısını paylaşıb. Onun sözlərinə görə, bu qidalar nə vəziyyəti yüngülləşdirir, nə də “neytral” təsir göstərir. Əksinə, zəifləmiş oynaqlara daha ciddi zərər verə bilər.
Məlum olub ki, əgər oynaq ağrısı podaqra və ya sidik turşusu mübadiləsinin pozulması ilə bağlıdırsa, paxlalı məhsulların qəbulunu azaltmaq lazımdır. Həkimin fikrincə, belə hallarda onları ümumiyyətlə yeməmək daha yaxşıdır.
Bundan başqa, ət və balıq istehlakı da minimuma endirilməlidir. Xüsusilə bu məhsulların qızardılmış, pörtülmüş və ya bulyon formasında qəbul edilməsi ağrı hissini gücləndirə bilər.

Əgər problem artroz və ya artrit ilə bağlıdırsa, rasiondan şəkər, şirniyyatlar və duzlu qidalar çıxarılmalıdır. Çünki bu məhsullar iltihabı artırır və toxumalarda maye yığılmasına səbəb olur. Bu isə oynaqlarda əlavə narahatlıq yarada bilər.
İlk baxışda elə görünə bilər ki, oynaq problemi olan insanlara demək olar ki, heç nə yemək olmaz. Lakin Ginzburq xatırladıb ki, podaqrası olan şəxslər turş süd məhsulları, yumurta və dənli bitkilər qəbul edə bilərlər.
Artroz və artrit zamanı isə süd məhsulları, tərəvəzlər, dənli bitkilər və meyvələr rasiona daxil edilə bilər. Bu məhsullarla həm sağlam, həm də maraqlı qida kombinasiyaları hazırlamaq mümkündür.