Kardioloq və terapevt Andrey Kondraxin bildirib ki, gec saatlarda fitneslə məşğul olmaq infarkt və insult riskini artıra bilər.
Bu barədə NEWS.ru məlumat yayıb.
Həkimin sözlərinə görə, axşam saatlarında fiziki yüklənmə insanın təbii bioloji ritmlərinə ziddir və sağlamlıq üçün ciddi risk yarada bilər.
“Axşam yüklənmələri ümumiyyətlə həyatdan çıxarılmalıdır. İnsanlar mənə deyəndə ki, ‘mən axşam saat 9-da fitnesə gedirəm’, düşünürəm: istəyirsənsə, daha tez infarkt, insult keçir — get. Bəziləri saat 10-da gedir, halbuki bu vaxt biz istirahət etməliyik. Bu, orqanizm üçün uyğun olmayan yüklənmədir və gec-tez həddindən artıq gərginliyə gətirib çıxaracaq”, deyə Kondraxin bildirib.
Onun sözlərinə görə, lampaların ixtirası insanın zaman qavrayışını dəyişsə də, orqanizmin bioloji saatı hələ də qədim sirkad ritmlər əsasında işləyir.

Həkim qeyd edib ki, axşam saatlarında orqanizm artıq aktivliyin azalmasına köklənir. Bu vaxt ağır məşqlə bədənə əlavə yük vermək adaptasiya sistemini məcburi şəkildə işə salır və nəticədə orqanizm yüklənə bilər.
Kondraxin xüsusilə gənclərdə bu problemin daha qabarıq göründüyünü bildirib. Onun fikrincə, gənclər çox vaxt bədən siqnallarını ciddi qəbul etmir və nəticədə sağlamlıqlarını gələcək hesabına riskə atırlar.
“Gənclik qocalıqdan borc alır”, deyə həkim vurğulayıb.