Geri qayıt Çap et

Yatıb dincəlsəniz də yorğunluq keçmirsə, səbəb bu ola bilər

Yuxu var, istirahət olub, qəhvə isə getdikcə daha az kömək edir, amma yorğunluq hissi keçmir? Yaponiyalı alimlər müəyyən ediblər ki, səbəb təkcə stres və həddindən artıq işləmək olmaya bilər.

Osaka Universitetinin mütəxəssisləri xroniki yorğunluqla homosistein səviyyəsi arasında əlaqə aşkarlayıblar. Homosistein B12 və B9 vitamini çatışmazlığı zamanı arta bilən maddədir.

Tədqiqatçılar təxminən 600 sağlam yapon yetkinin məlumatlarını araşdırıblar. İştirakçıların qanında homosistein, B12 vitamini və folat səviyyəsi ölçülüb. Bundan başqa, xüsusi sorğular vasitəsilə onların yorğunluq və motivasiya göstəriciləri qiymətləndirilib.

Nəticələr göstərib ki, homosistein səviyyəsi yüksək olan insanlarda B12 vitamini və folat səviyyəsi daha aşağı olub. Bu əlaqə həm kişilərdə, həm də qadınlarda müşahidə edilib.

Lakin yüksək homosistein səviyyəsi kişilərdə və qadınlarda yorğunluğun fərqli formaları ilə əlaqəli olub.

Kişilərdə bu göstərici daha çox fiziki yorğunluq və xroniki gücsüzlük ilə bağlı olub. Yəni orqanizm sanki hər hansı yüklənməyə qarşı “etiraz edir”.

Qadınlarda isə yüksək homosistein daha çox motivasiya azalması ilə əlaqələndirilib. Bu, insanın məqsədlərinə doğru hərəkət etmək istəyinin zəiflədiyi psixoloji tükənmə kimi izah olunur.

Homosistein amin turşusudur və onun səviyyəsi bəzi B qrupu vitaminlərinin, xüsusilə fol turşusu və B12 vitamininin çatışmazlığı zamanı yüksələ bilər.

Osaka Universitetinin professoru Hiroaki Kanouti bildirib ki, homosistein səviyyəsi adətən ürək-damar xəstəlikləri, demensiya və sümük sınıqları riski ilə əlaqələndirilir. Lakin yeni nəticələr göstərir ki, gələcəkdə yorğunluq və motivasiya azalması da bu baxımdan diqqətə alınmalıdır.

Onun sözlərinə görə, homosistein səviyyəsinin yüksəlməsinin qarşısını almaq üçün B12 vitamini və fol turşusu çatışmazlığından yayınmaq vacibdir. Bunun üçün gündəlik balanslı qidalanma böyük əhəmiyyət daşıyır.

Alimlər hesab edirlər ki, gələcəkdə homosistein analizi daimi yorğunluğun gizli səbəblərini qiymətləndirmək üçün istifadə oluna bilər.

B12 vitamininin əsas mənbələri: ət, balıq, dəniz məhsulları, yumurta, süd məhsulları və qaraciyər.

Fol turşusunun əsas mənbələri: yarpaqlı göyərtilər, paxlalılar, brokoli, qulançar və tam taxıllı məhsullar.

DenMedia.az