Artıq çəkilərin xroniki xəstəliklər və erkən ölüm riskini artırdığı uzun müddətdir məlumdur. Lakin yeni araşdırma göstərib ki, alınan hər kilo eyni riskə malik deyil.
İsveçdə 620 mindən çox insanın illərlə izlənildiyi tədqiqatda xüsusilə 30 yaşdan əvvəl alınan çəkilərin daha sonrakı yaşlarda alınanlara nisbətən ölüm riskini daha çox artırdığı müəyyən edilib.
Dünyanın nüfuzlu tibb jurnallarından olan “Lancet”də dərc edilən araşdırmada iştirakçıların 17–60 yaş aralığında çəki dəyişiklikləri ən azı üç fərqli dövrdə ölçülüb.
Nəticələr göstərib ki, 17–29 yaş arasında sürətli çəki artımı yaşayan şəxslərdə ölüm göstəricisi nəzərəçarpacaq dərəcədə yüksəkdir.

Tip 2 diabet detalı
Bu risk artımının əsasən ürək xəstəlikləri, tip 2 diabet, böyrək xəstəlikləri və bəzi xərçəng növləri ilə əlaqəli olduğu müəyyən edilib. Xüsusilə tip 2 diabetin erkən yaşda piylənmə ilə ölüm arasında ən güclü əlaqə olduğu qeyd olunub.
Bununla yanaşı, kişilərdə yüksək qan təzyiqi və qaraciyər xərçəngi, qadınlarda isə uşaqlıq xərçəngi ilə gənc yaşda sürətli çəki artımı arasında əlaqə aşkarlanıb.
Bu yaş aralığında hər il alınan kilolar riski artırır
Araşdırma göstərib ki, 17–29 yaş aralığında hər il əlavə olunan çəki ölüm riskini ciddi şəkildə yüksəldir. Belə ki, kişilərdə hər il alınan çəki ümumi ölüm riskini 18 faiz, qadınlarda isə 16 faiz artırır.
Alimlər bildiriblər ki, 30 yaşdan sonra alınan çəki də riski artırır, lakin yaş artdıqca bu təsir nisbətən azalır. Onların fikrincə, piylənmə ilə keçən müddət uzandıqca sağlamlığa mənfi təsirlər daha çox yığılır.