Amsterdam UMC tədqiqatçıları müəyyən ediblər ki, ikinci hamiləlik qadının beynində xüsusi dəyişikliklər yaradır və bu dəyişikliklər diqqəti daha yaxşı cəmləməyə və bir neçə işi eyni vaxtda idarə etməyə kömək edə bilər.
Alimlər əvvəllər də göstərmişdilər ki, birinci hamiləlik zamanı qadının beyni analığa hazırlıq üçün dəyişir. Bu dəyişikliklər əsasən özünü dərk etmə və uşağın emosiyalarını anlama ilə bağlı beyin sahələrində baş verir və anaya körpəsinə daha yaxşı qayğı göstərməyə kömək edir.
Yeni araşdırma isə göstərib ki, ikinci hamiləlik zamanı beyində əlavə və spesifik dəyişikliklər baş verir. Bu dəyişikliklər diqqətin idarə olunması və sensor siqnallara reaksiya ilə bağlı neyron şəbəkələrində daha aydın görünür.
Tədqiqat çərçivəsində 110 qadın müşahidə olunub. Onların bir qismi ilk dəfə ana olub, digər qrup ikinci dəfə uşaq dünyaya gətirib, üçüncü qrup isə uşaq sahibi olmayıb. Alimlər hamiləlikdən əvvəl və sonra çəkilmiş beyin görüntülərini müqayisə edərək dəyişiklikləri müəyyən ediblər.
Araşdırmanı aparan tədqiqatçı Milou Strathof bildirib ki, bu dəyişikliklər bir neçə uşağa eyni anda qayğı göstərən analar üçün faydalı ola bilər.
Araşdırma həmçinin göstərib ki, hamiləlik zamanı beyində baş verən dəyişikliklər psixi sağlamlıqla da əlaqəli ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hamilə qadınların təxminən 10 faizi, doğuşdan sonra isə 13 faizi psixi pozuntularla, ən çox isə depressiya ilə qarşılaşır.
Tədqiqat nəticələrinə görə, beyin qabığında baş verən struktur dəyişiklikləri perinatal depressiya ilə əlaqəli ola bilər. Maraqlıdır ki, ilk dəfə ana olan qadınlarda bu dəyişikliklər daha çox doğuşdan sonrakı psixi vəziyyətlə əlaqəlidir, ikinci hamiləlik yaşayan qadınlarda isə daha çox hamiləlik dövründəki psixi vəziyyətlə bağlıdır.
Araşdırmanın rəhbəri Elseline Hoekzema qeyd edib:
“Biz ilk dəfə göstərdik ki, beyin yalnız birinci hamiləlikdə deyil, ikinci hamiləlik zamanı da dəyişir. Hər hamiləlik qadının beynində özünəməxsus iz buraxır”.
Alimlər bildirirlər ki, bu prosesləri daha yaxşı anlamaq üçün əlavə tədqiqatlara ehtiyac var. Lakin hazırkı nəticələr analara göstərilən tibbi və psixoloji dəstəyin yaxşılaşdırılmasına kömək edə bilər.