Geri qayıt Çap et

Yeməyə əlavə duz qatmaq depressiya riskini artırır - FOTO

Alimlər müəyyən ediblər ki, yeməklərə tez-tez əlavə duz qatmaq vərdişi sağlamlıq üçün ciddi risk yarada bilər. Araşdırmaya görə, orqanizmdə natriumun artıqlığı təkcə ödem, böyrək və ürək-damar problemləri yaratmır, həm də depressiya riskini artırır.

Tədqiqatda 15 min nəfər iştirak edib və alimlər yeməyi əlavə duzlama vərdişi ilə depressiya simptomları arasında əlaqəni araşdırıblar.

Məlumata görə, tədqiqatçılar ABŞ-da 11 il ərzində aparılan Milli Sağlamlıq və Qidalanma Araşdırmasının iştirakçılarının anketlərini təhlil ediblər. Bu anketlərdə insanlar qida rasionu və yeməkləri nə qədər tez-tez duzladıqları barədə məlumat veriblər. Eyni şəxslər daha sonra depressiya simptomlarını müəyyən edən standart psixoloji sorğudan da keçiblər.

Analiz göstərib ki, yeməyi tez-tez əlavə duzlayan insanlarda depressiya simptomlarının yaranma riski digərlərinə nisbətən təxminən 25 faiz daha yüksəkdir.

Bundan əlavə, iştirakçıların 28 faizində böyük depressiv pozuntu riski də müşahidə olunub.

Alimlər bildirirlər ki, bu nəticələr yeməyə tez-tez duz əlavə etmə vərdişinin psixi sağlamlıqla əlaqəli ola biləcəyini göstərir. Bununla belə, bioloji mexanizmləri tam izah etmək üçün əlavə tədqiqatlara ehtiyac var.

Mütəxəssislərin fikrincə, gündəlik rasionda duzun azaldılması artıq indidən sağlamlıq üçün vacib addım ola bilər.

DenMedia.az