Bir çoxları hələ də yumurtanın ağını sarısından ayırır, sarını isə xolesterinə görə “zərərli” hesab edir. Cəmiyyət arasında belə fikir formalaşıb ki, yumurtanın ən dəyərli hissəsi yalnız ağ hissədir, sarı isə ya faydasızdır, ya da hər kəs üçün uyğun deyil.
Lakin kardioloq və funksional tibb üzrə mütəxəssis Alok Chopraın sözlərinə görə, əksinə, məhz sarı hissə yumurtanı tam və qida dəyəri yüksək məhsula çevirir. Mütəxəssis bu barədə The Hindustan Times nəşrinə müsahibəsində danışıb.
Yumurta sarısında vitaminlərin və yağ turşularının böyük hissəsi toplanıb. O, ağ hissə ilə müqayisədə daha zəngin mikroelement tərkibinə malikdir:
Vitamin A – görmə qabiliyyətini, immun sistemi və dəri sağlamlığını dəstəkləyir
Vitamin E – hüceyrələri oksidləşdirici stressdən qoruyur
Omega-3 yağ turşuları – ürək və beyin sağlamlığı üçün vacibdir
Yağda həll olunan antioksidantlar – qocalma prosesini ləngidir və damarları qoruyur
Yumurta ağı əsasən zülal mənbəyidir, lakin sarı olmadan orqanizm üçün lazım olan mikroelementlərin tam spektrini təmin etmir.
Sarının tərkibində xolesterin var, lakin mütəxəssis qeyd edir ki, insan orqanizmindəki xolesterinin təxminən 85 faizi qaraciyər tərəfindən sintez olunur.
Üstəlik, xolesterin mühüm funksiyalar yerinə yetirir:
hüceyrə membranlarının qurulmasında iştirak edir
hormonların sintezi üçün vacibdir
beynin fəaliyyətini dəstəkləyir
immun cavabın formalaşmasında rol oynayır
Mülayim miqdarda qəbul edilən qida xolesterini əksər sağlam insanlar üçün risk faktoru hesab olunmur.
Yumurtada ağ və sarı bir-birini tamamlayır. Sarıdakı yağlar yağda həll olunan vitaminlərin mənimsənilməsinə kömək edir, ağdakı amin turşuları isə bütöv məhsul tərkibində daha effektiv işləyir.
Bu səbəbdən, balanslı qidalanma çərçivəsində yumurtanı bütöv şəkildə istehlak etmək daha məqsədəuyğundur.
İstisna olaraq, lipid mübadiləsi pozğunluğu, qaraciyər və öd yolları xəstəlikləri olan şəxslər, eləcə də fərdi həssaslığı olanlar həkim tövsiyəsinə əsaslanmalıdır.