Yeməyi uzanıqlı vəziyyətdə qəbul etmək olmaz, çünki bu, qastroezofageal reflüks riskini artırır — yəni mədənin tərkibinin yenidən qida borusuna qayıtması vəziyyətini yaradır. Bu barədə NEWS.ruya həkim-qastroenteroloq Klara Sıçuqova bildirib. Onun sözlərinə görə, bu qadağa arxasıüstə, böyrü üstə və üzüstə uzanaraq yemək hallarına da aiddir.
“Uzanmış və ya yarıuzanıqlı vəziyyətdə yemək olmaz. Bu, əsaslı səbəbləri olan demək olar ki, yeganə ciddi qadağadır. Üfüqi vəziyyətdə yemək qastroezofageal reflüks riskini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə üzüstə uzanaraq yemək təhlükəlidir”, — deyə Sıçuqova xəbərdarlıq edib.
O izah edib ki, bu cür pozalarda qida borusu ilə mədə eyni səviyyədə olur. Yemək zamanı qidanın geri qayıtmasının qarşısını almalı olan sfinkter artmış təzyiqə məruz qalır. Bu isə mədə yanmasına və hətta aspirasiyaya — qidanın tənəffüs yollarına düşməsinə səbəb ola bilər.