Qış aylarında orqanizm fərqli qaydalarla işləyir — bu, təkcə yuxu rejiminə deyil, qida qəbulunun vaxtına da aiddir. Alimlər getdikcə daha çox vurğulayırlar ki, son yeməyin saatı maddələr mübadiləsinə birbaşa təsir göstərir.
Bu baxımdan İrlandiyanın Limerick Universiteti-nin idman və tibbi qidalanma kafedrasının dosenti Ketrin Norton soyuq mövsümdə erkən şam yeməyinə keçməyi tövsiyə edib. Onun fikirləri The Conversation nəşrində dərc olunub.
Mütəxəssisə görə, ən uyğun vaxt 17:30–19:00 aralığıdır. Əsas şərt şam yeməyinin yuxudan ən azı 2–3 saat əvvəl olmasıdır ki, orqanizm həzmi tamamlaya bilsin.
Aparılan təcrübələrdən birinə əsasən, saat 22:00-da şam edən şəxslərin qan şəkəri səviyyəsi, saat 18:00-da yemək yeyənlərlə müqayisədə 20% daha yüksək olub. Bu da çəki itkisinin ləngiməsinə səbəb olub.
Alimlər bununla bir daha təsdiqləyiblər ki, erkən şam yeməyi:
arıqlamanı sürətləndirir
qan təzyiqini yaxşılaşdırır
xolesterin və qlükoza səviyyəsini normallaşdırır
Qısa işıqlı günlər bioloji ritmləri pozur. Səhərlər daha gec ayılır, axşamlar isə tez yoruluruq. Gec şam yeməyi bu prosesi daha da ağırlaşdırır, yuxunu pozur və ertəsi gün iştahanı artırır. Nəticədə qışda daimi aclıq hissi yaranır.
Dietoloqlar axşam menyusunun yüngül olmasını məsləhət görürlər. Üstünlük verilməli qidalar:
balıq və dəniz məhsulları
toyuq və hinduşka əti
isti tərəvəz qarnirləri
krem-şorbalar
az yağlı kəsmik
omlet şəklində yumurta