ABŞ-nin Texas ştatında 2003-cü ildə üç azyaşlı uşağı öldürərək başlarını kəsməkdə təqsirli bilinən 46 yaşlı Con Allen Rubio edam edilib. Ölüm hökmü noyabrın 12-də zəhərli inyeksiya vasitəsilə icra olunub.
Hadisə 2003-cü il martın 11-də Texasın Braunsvill şəhərində baş verib. Rubio birlikdə yaşadığı Angela Kamaço ilə üç azyaşlı uşağı bıçaqlayaraq öldürüb və başlarını kəsib.
Qurbanlardan 2 aylıq Meri Ceyn Rubionun bioloji qızı, 14 aylıq Con Esteban və 3 yaşlı Culissa isə onun birlikdə yaşadığı qadının uşaqları olub.

Cinayətdən sonra Rubio ölüm cəzasına məhkum edilsə də, apellyasiya məhkəməsi sübutların qəbulunda prosessual pozuntular aşkar edərək hökmü ləğv edib.
2010-cu ildə keçirilən təkrar məhkəmə prosesində o, yenidən təqsirli bilinərək ölüm cəzasına məhkum olunub.
Rubio Texasın Hantsvill şəhərindəki həbsxanada edam edilib. Onun cinayətdə iştirak edən həyat yoldaşı Angela Kamaço isə ömürlük həbs cəzası çəkir.