Geri qayıt Çap et

Samboçu Davudov toy zamanı güllələnərək öldürüldü

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqalada toy mərasimi zamanı 31 yaşlı samboçu Vatsilov Davudov güllələnərək öldürülüb.

Hadisə noyabrın 14-də “Mərakeş” şadlıq sarayında baş verib. Qonaqlar arasında yaranan mübahisə davaya çevrilib və iştirakçılardan biri idmançıya travmatik tapançadan atəş açıb.

Gicgahından güllə yarası alan Davudov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən Mahaçqala sakini saxlanılıb.

“Mash Gor” teleqram kanalı şübhəlinin 23 yaşında olduğunu və əvvəllər də silahla bağlı hüquq-mühafizə orqanlarının diqqətinə düşdüyünü yazıb.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, Vatsilov Davudov 2016-cı ildə cüdo üzrə Avropa Kubokunun qalibi, 2023-cü ildə isə sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı olub.

Denmedia.az