Qusarda meşəlik ərazidə qadın meyiti aşkarlanıb.
Araşdırmalar nəticəsində qadının Bakıda qətlə yetirildiyi, daha sonra cəsədinin avtomobillə Qusara aparıldığı məlum olub.
Denmedia.az Bizim.Media-ya istinadən xəbər verir ki, sentyabrın 23-də saat 15:00 radələrində Əvəcuğ-Xürəl kəndinin meşəlik ərazisində aşkarlanan meyitin Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Səadət Ferma qızı Həsənovaya məxsus olduğu müəyyən edilib.
Qadının bədənində bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb.
İstintaq zamanı müəyyən edilib ki, hadisə sentyabrın 21-də Bakının Xətai rayonunda baş verib. Əvəcuğ kənd sakini, 1999-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Kamran Xəzər oğlu Seyidov qeyri-rəsmi nikah münasibətində olduğu qadını qısqanclıq zəminində bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinir.
İstintaqın məlumatına əsasən, K. Seyidov daha sonra qadının meyitini idarə etdiyi “Mercedes” markalı avtomobillə Qusar rayonuna apararaq kəndin meşəlik ərazisində qoyub.
Kamran Seyidov saxlanılıb. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Hadisənin daha bir diqqətçəkən məqamı isə qətldə şübhəli bilinən şəxsin 2024-cü ilin dekabrında baş vermiş təyyarə qəzasında həlak olan bacı-qardaşın ögey qardaşı olmasıdır.
Belə ki, Kamran Seyidov həmin qəzada həyatını itirən 19 yaşlı Xədicə və 22 yaşlı Əli Əlimirzəyevin ögey qardaşıdır.
O, daha əvvəl təyyarə qəzasında həlak olan yaxınlarının birinci dərəcəli varisi olduğunu iddia edərək kompensasiyanın ona ödənilməsini tələb etmişdi.