Geri qayıt Çap et

Çində milyarder rəhbərini zəhərləyən hüquqşünas edam edildi

Çində Netflix platformasında yayımlanan məşhur serialın prodüserliyinə dəstək verən milyarder Lin Çini zəhərləyərək öldürən hüquqşünas Süy Yaonun barəsində çıxarılan hökm icra edilib. Bu barədə CNN məlumat yayıb.

Məlumata görə, Süy Yao 2020-ci ilin dekabrında 39 yaşlı Lin Çiyə probiotik adı ilə kapsullar verib. Daha sonra həmin kapsulların içində ölümcül zəhər olduğu müəyyən edilib.

Milyarder xəstəxanaya yerləşdirilib və 10 gün həkim nəzarətində qalsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ekspertiza zamanı onun orqanizmində bir neçə toksik maddə aşkarlanıb.

Süy Yao iki il əvvəl ölüm cəzasına məhkum edilsə də, hökm 22 may 2026-cı ildə icra olunub.

Məhkəmənin müəyyən etdiyinə görə, hüquqşünas bu cinayətə şirkətin idarə olunması ilə bağlı yaranan daxili münaqişə səbəbindən əl atıb. O, zəhər hazırlamaq üçün Şanxay ətrafında gizli laboratoriya qurub və internetin qaranlıq seqmenti vasitəsilə çoxsaylı toksik maddələr əldə edib.

Bundan başqa, Süy Yao fikir ayrılığı yaşadığı daha iki əməkdaşın ofisində içkiləri də zəhərləyib. Nəticədə 4 nəfər xəstələnsə də, sağ qalıb.

Lin Çi Yoozoo Games oyun şirkətinin qurucusu idi və yazıçı Lyu Sısinin “Üç cisim problemi” romanının böyük pərəstişkarı kimi tanınırdı. Məhz o, əsərin seriala uyğunlaşdırılmasına dəstək vermişdi. Netflix serialının titrlərində onun adı icraçı prodüser kimi göstərilib.

Daha əvvəl milyarderə məxsus olmuş Three Body Universe şirkəti isə məhkəmə sisteminə ədalətin təmin olunmasına görə təşəkkür edib.

DenMedia.az