ABŞ-ın Takoma şəhərində yerləşən məktəbdə bıçaqlı hücum baş verib. Hadisə nəticəsində beş nəfər — dörd şagird və bir mühafizəçi yaralanıb. Bu barədə CBS News polis və yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, hücumu törədən şəxs də məktəbin şagirdi olub və hadisə yerində saxlanılıb.
Polisə hücumla bağlı məlumat yerli vaxtla saat 13:30 radələrində daxil olub.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanları dörd yaralı şagird və bir zərərçəkmiş mühafizəçi aşkarlayıb. Şübhəli məktəb ərazisində saxlanılıb və tibbi yardım üçün həkimlərə təhvil verilib.
Yanğınsöndürmə xidmətinin məlumatına görə, əvvəlcə yaralılardan dördünün vəziyyəti ağır qiymətləndirilib, bir nəfər isə yüngül xəsarət alıb. Sonradan bildirilib ki, bütün yaralıların vəziyyəti stabildir.
Hadisədən sonra məktəb bağlanıb, şagirdlər təxliyə edilərək valideynlərinə təhvil verilib.
Təhsil rəhbərliyi mayın 1-də dərslərin və bütün tədbirlərin ləğv edildiyini, məktəbin isə mayın 4-dən fəaliyyətini bərpa edəcəyini açıqlayıb. Eyni zamanda, şagirdlər üçün əlavə psixoloji dəstək təmin olunacaq.