Geri qayıt Çap et

Türkiyənin tekstil nəhəngi 73 ildən sonra bağlandı

Türkiyənin tekstil sənayesinin köklü şirkətlərindən biri olan “Orta Anadolu Ticaret ve Sanayi İşletmesi” 73 illik fəaliyyətindən sonra istehsalını tamamilə dayandırıb.

1953-cü ildə fəaliyyətə başlayan şirkət 1986-cı ildən etibarən dünyanın aparıcı qlobal brendlərinə premium denim parça tədarük edirdi. Şirkətin yaydığı açıqlamaya görə, Kayseridə istehsal sentyabrın 11-də dayandırılıb, sentyabrın 12-dən isə istehsal müəssisələri tamamilə bağlanıb.

Beləliklə, 1953-cü ildə başlayan və “Orta Anadolu”nu denim sənayesinin mühüm istehsalçılarından birinə çevirən 73 illik fəaliyyət başa çatıb.

Şirkət bağlanma qərarının səbəblərini də açıqlayıb. Bildirilib ki, son illərdə qlobal tekstil sənayesində tələbatın zəifləməsi, əməliyyat və maliyyələşdirmə xərclərinin artması, təchizat zəncirindəki dalğalanmalar və dəyişən ticarət şərtləri fəaliyyətə ciddi təsir göstərib.

“Orta Anadolu” xərclərin azaldılması, səmərəliliyin artırılması və yenidən strukturlaşdırma da daxil olmaqla müxtəlif variantların nəzərdən keçirildiyini bildirib. Bütün tədbirlərə baxmayaraq, mövcud iqtisadi şəraitdə şirkətin əməliyyat modelinin artıq dayanıqlı olmadığı qənaətinə gəlinib. Bundan sonra Direktorlar Şurası Kayseridəki istehsal fəaliyyətini tam dayandırmaq qərarı verib.

Şirkət 1986-cı ildən dünyanın tanınmış brendlərinə premium denim parça tədarük etdiyini və bağlanma prosesində mövcud kommersiya öhdəliklərinin yerinə yetirilməsi üçün tərəfdaşlarla əməkdaşlığı davam etdirəcəyini bildirib.

Denmedia.az