ABŞ ilə Avropa ölkələri arasında iqtisadi və ticarət gərginliyi davam edir.
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinə qarşı sərt xəbərdarlıq edib. O, sosial media hesabında bildirib ki, bir sıra Avropa İttifaqı ölkələri ABŞ mərkəzli şirkətlərə qarşı rəqəmsal xidmətlər vergisini tətbiq etməyə hazırlaşır.
Trampın sözlərinə görə, bu vergini qüvvəyə mindirən istənilən ölkənin ABŞ-a göndərdiyi bütün məhsullara 100 faiz gömrük rüsumu tətbiq olunacaq.
“Bu tarif həmin ölkə ilə imzalanmış, qüvvəyə minmiş və ya hələ qüvvəyə minməmiş bütün ticarət razılaşmalarından üstün olacaq”, — deyə Tramp bildirib.
ABŞ prezidenti vurğulayıb ki, rəqəmsal xidmətlər vergisi tətbiq edilərsə, yeni rüsumlar dərhal qüvvəyə minəcək.
Bundan əvvəl Tramp administrasiyasının yeni tarif müharibəsinə hazırlaşdığı bildirilmişdi. ABŞ Ali Məhkəməsinin bəzi gömrük rüsumlarını ləğv etməsindən sonra Ağ Ev yeni ticarət mexanizmləri üzərində işləməyə başlamışdı.
Vaşinqtonun Braziliya, Vyetnam, Türkiyə və Avropa İttifaqı da daxil olmaqla bir sıra ölkələrə qarşı yeni rüsumlar tətbiq etməyi nəzərdən keçirdiyi qeyd olunur.
Ekspertlər hesab edirlər ki, ABŞ-ın yeni ticarət addımları qlobal bazarlarda gərginliyi daha da artıra bilər. Tramp administrasiyası mövcud müvəqqəti tariflərin müddəti bitənə qədər — 2026-cı ilin iyul ayının sonunadək yeni qaydaları tamamlamağa çalışır.
Eyni zamanda, ABŞ Çinlə ticarət münasibətlərini yenidən formalaşdırmağa çalışır. Vaşinqton bəzi Çin mallarına tətbiq olunan tarifləri azaltmağa açıq olduğunu bildirsə də, yeni araşdırmalar və əlavə rüsumların dünya ticarət gündəmində qalacağı gözlənilir.