Ermənistan Rusiya bazarını itirəcəyi təqdirdə xaricə çiyələk satışından əldə etdiyi gəlirlərin demək olar ki, hamısından məhrum ola bilər. Bu barədə RİA Novosti BMT-nin Comtrade platformasının məlumatları əsasında hesablama aparıb.
Məlumata görə, ötən ilin 11 ayı ərzində Ermənistanın ümumi çiyələk ixracı 12,51 milyon dollar təşkil edib. Bunun 12,14 milyon dolları Rusiyanın payına düşüb.
Agentliyin hesablamalarına əsasən, 2025-ci il ərzində İrəvan Moskvaya təxminən 13,25 milyon dollar dəyərində çiyələk ixrac edib. Bu isə Ermənistanın ümumi çiyələk ixracının 97 faizi deməkdir.
Ermənistandan az həcmdə çiyələk alan ölkələr arasında BƏƏ, Qətər və Qazaxıstan da yer alıb.
Qeyd edək ki, 30 maydan etibarən Rosselxoznadzor Ermənistandan meyvə-tərəvəz məhsullarının idxalına məhdudiyyət tətbiq edib. Buna səbəb kimi tədarük zamanı aşkarlanan pozuntular və fitosanitar təhlükəsizliyin təmin olunması göstərilib.