ABŞ-ın İrana qarşı hərbi əməliyyatı ölkədə ərzaq qiymətlərinin təxminən son dörd ilin ən yüksək tempdə artmasına səbəb olub.
Bu barədə “The Washington Post” yazır.
ABŞ Əmək Nazirliyinin məlumatına görə, 2022-ci ilin yanvarından bəri ərzaq məhsullarının qiyməti 18 faizdən çox bahalaşıb.
Nəşr qeyd edir ki, bir çox amerikalı artıq uzun müddətdir ölkədəki iqtisadi vəziyyətə pessimist yanaşır. Ərzaq qiymətlərindəki yeni sıçrayış isə ev təsərrüfatları üçün əlavə yükə çevrilib.
Məlumata görə, İranla müharibə tərəvəz və meyvə daşıyan soyuduculu yük maşınları üçün dizel yanacağının qiymətinin artmasına səbəb olub. İqtisadçılar həmçinin aprel ayında mal ətinin kəskin bahalaşdığını bildirirlər. Bununla yanaşı, mal ətinin qiyməti son iki il ərzində davamlı şəkildə artır.
Qəzet yazır ki, Yaxın Şərqdəki hərbi əməliyyatların yaratdığı enerji şoku Amerika ərzaq bazarında yalnız indi hiss olunmağa başlayıb. Ekspertlər bu təsirlərin yaxın aylarda daha aydın görünəcəyini gözləyirlər.