Yaponiyanın "Honda" şirkəti elektromobil istiqamətində restrukturizasiya apardığını və ABŞ bazarı üçün planlaşdırılan üç modelin istehsalından imtina etdiyini açıqlayıb. Bu barədə Reuters məlumat yayıb.
Şirkət 2,5 trilyon yenə (təxminən 15,7 milyard dollar) qədər aktivin silinməsini planlaşdırır və nəticədə birja tarixində təxminən 70 ildən sonra ilk illik zərərini qeydə ala bilər.
Ləğv edilən modellər arasında "Saloon sedani", "Honda" 0 SUV və "Acura" RSX var. Bu modellər "Honda" 0 Series xəttinə daxil idi və 2024-cü ilin yanvarında CES sərgisində təqdim olunmuşdu. Onların Şimali Amerikada bu il satışa çıxarılması planlaşdırılırdı.
"Honda" bildirib ki, ABŞ-da dövlət subsidiyalarının ləğvindən sonra elektromobillərə tələbat azalıb. 2024-cü ildə elektromobillər şirkətin qlobal satışlarının cəmi 2,5 faizini təşkil edib — 3,4 milyon avtomobildən təxminən 84 mini.
Şirkət həmçinin 1,7 trilyon yenə qədər maliyyə itkisi ilə üzləşə bilər. Bunun böyük hissəsi təchizatçılara ödəniləcək kompensasiyalarla bağlıdır. Analitiklər qeyd edirlər ki, bu qərar artıq böyük investisiyalar qoyulduqdan sonra verilib.
Strategiyaya əsasən "Honda" ABŞ bazarında hibrid avtomobillərə daha çox üstünlük verəcək və Hindistanda mövqelərini gücləndirməyə çalışacaq.
Şirkət Çində isə yerli istehsalçılardan geri qaldığını etiraf edib. Bu xüsusilə proqram təminatı və sürücüyə kömək sistemləri sahəsində hiss olunur. Ötən il Çində 17 min elektromobil satılıb, bu isə şirkətin ölkədəki satışlarının təxminən 2,5 faizinə bərabərdir.
Eyni zamanda "Sony" Group ilə birgə yaradılan "Sony Honda Mobility" layihəsinin gələcəyi də hələ müzakirə olunur. Bu layihə çərçivəsində Afeela adlı elektrik sedanı hazırlanır, lakin son qərar hələ qəbul edilməyib.