Novruz bayramı ərəfəsində Bakının balıq bazarlarında qiymətlər kəskin artıb. Xüsusilə bayram süfrəsində ən çox istifadə olunan balıq növlərinin bahalaşdığı bildirilir.
Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi İrandan balıq idxalının son hadisələr fonunda kəskin azalmasıdır.
Ən böyük bahalaşma kütüm balığında qeydə alınıb. Əvvəlki aylarda bu balığın bir kiloqramı 10–15 manat civarında satıldığı halda, hazırda qiymət 20–25 manata qədər yüksəlib. Satıcılar bildirirlər ki, vəziyyəti daha da çətinləşdirən amil kütümün süni su hövzələrində demək olar ki, yetişdirilməməsi və bazarın əsasən təbii ovdan asılı olmasıdır. Son dövrdə isə ov həcmi də azalıb.
Bahalaşma digər balıq növlərinə də təsir edib. Xüsusilə forel balığının qiymətində artım müşahidə olunur. Əvvəllər 10–14 manata satılan idxal foreli demək olar ki, satışdan itib, mövcud təkliflər isə 18–20 manat səviyyəsinə çatıb. Yerli və daha xırda ölçülü forel isə 8–14 manat arasında təklif olunsa da, ona tələbat nisbətən azdır.
Bazar mütəxəssisləri hesab edir ki, qiymətlərin sabitləşməsi yalnız xaricdən tədarükün bərpa olunması və balıq ovunun artırılması ilə mümkün ola bilər. Hazırda isə alıcılar ya daha yüksək qiymət ödəməyə, ya da bayram süfrəsi üçün alternativ məhsullar axtarmağa məcbur qalırlar.
Ətraflı Xəzər Xəbərin süjetində: