Qızılın qiymətləri ötən həftənin sonu və bu həftənin əvvəlində qeydə alınan tarixi enişdən sonra çərşənbə günü bərpa olunmağa davam edir.
DenMedia.az xəbər verir ki, Comex birjasında aprel ayı üzrə qızıl fyuçersləri təxminən 2,6 faiz bahalaşaraq unsiya üçün 5 062,3 dollar səviyyəsinə yüksəlib.
Qiymətli metallar bazarında artım gümüş və platin üzrə də müşahidə olunur. Gümüş fyuçersləri 7,2 faiz artaraq 89,255 dollar, platin fyuçersləri isə 2,8 faiz bahalaşaraq 2 270,6 dollar olub.
Xatırladaq ki, ötən cümə günü qızılın qiyməti 9 faiz azalaraq son 10 ildən artıq dövrdə ən kəskin enişi nümayiş etdirib. Bazar ertəsi də fyuçerslərdə ciddi ucuzlaşma qeydə alınıb. Lakin artıq çərşənbə axşamı qiymətlər 6,1 faiz sıçrayaraq 2009-cu ildən bəri rekord artım göstərib.
UBS şirkətinin analitiki Joni Teves hesab edir ki, bu korreksiya uzunmüddətli perspektivdə bazar üçün müsbət rol oynaya bilər:
“Korreksiya uzunmüddətli perspektivdə bazar üçün faydalı olacaq. Belə dövrlərdə investorlar daha cəlbedici qiymətlərlə strateji uzun mövqelərini artırmaq imkanı əldə edirlər.”