Geri qayıt Çap et

Qızıl, gümüş, platin və mis bahalaşır – bazarlarda yeni mərhələ

Qlobal əmtəə bazarlarında qızılın qiyməti tarixi rekordunu yeniləyərək 5 min dollar həddini keçib.

COMEX birjasında 2026-cı ilin aprel kontraktı üzrə qızılın bir troya unsiyasının qiyməti 5 017 dollar olub. Bu göstərici sutka ərzində 67,6 dollar və ya 1,37 faiz artım deməkdir. Spot bazarda isə qızıl 4 987 dollar səviyyəsində qərarlaşıb və 1,04 faiz bahalaşıb.

Yüksəliş yalnız qızılla məhdudlaşmayıb. Digər qiymətli metallarda da kəskin artım qeydə alınıb. Gümüş COMEX-də 5,15 faiz bahalaşaraq 101,33 dollar, platin spot bazarda 5,35 faiz artımla 2 778 dollar, mis isə 2,92 faiz yüksələrək 594,75 sent/funt səviyyəsinə çatıb.

Analitiklərin fikrincə, qiymət artımının əsas səbəbləri sırasında qlobal geosiyasi risklərin dərinləşməsi, mərkəzi bankların qızıla tələbinin artması, inflyasiya və faiz dərəcələri ilə bağlı qeyri-müəyyənliklər, eləcə də investorların “təhlükəsiz liman” aktivlərinə yönəlməsi dayanır. ABŞ dollarının mövqeyində müşahidə olunan dalğalanmalar və maliyyə bazarlarında risk iştahının zəifləməsi də qızılın qiymətinə əlavə dəstək verir.

DenMedia.az