İordaniyanın paytaxtı Ammanda keçirilən gənclər arasında cüdo üzrə Asiya Kubokunda Azərbaycan millisinin bütün üzvləri medal qazanıblar.
Azərbaycan Cüdo Federasiyasının məlumatına görə, təmsilçilərimiz turnirdə 2 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 5 medala sahib çıxıblar.
Gülşən Hüseynova (48 kq) və Ayan Əliyeva (63 kq) bütün rəqiblərini üstələyərək turnirin qalibi olublar.
Gülgəz Musayeva (48 kq) və Aytən Verdiyeva (57 kq) gümüş, Çinarə Sadıqova (52 kq) isə bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan millisi yarışın ilk gününü qızlar arasında birinci, ümumi komanda hesabında isə ikinci pillədə başa vurub.