Geri qayıt Çap et

ABŞ Bosniya və Herseqovinanı məğlub edərək 1/8 finala yüksəldi

ABŞ yığması futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Bosniya və Herseqovina millisini 2:0 hesabı ilə məğlub edib.

Görüş ABŞ-ın Kaliforniya ştatının Santa-Klara şəhərində keçirilib. Bu qələbə ilə Amerika komandası 24 ildən sonra ilk dəfə pley-offun birinci mərhələsini keçib.

Matçda hesabı 45-ci dəqiqədə Folarin Baloqun açıb. ABŞ millisinin ikinci qolunu isə 82-ci dəqiqədə Malik Tillman vurub.

Bununla belə, Baloqun 64-cü dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Baş hakim Rafael Klaus epizodla bağlı videogörüntüyə baxdıqdan sonra bu qərarı verib.

Qeyd olunur ki, bu, dünya çempionatlarının pley-off tarixində futbolçunun əvvəlcə qol vurub, daha sonra həmin oyunda meydandan qovulduğu dördüncü hal olub.

ABŞ yığması Qətərdə keçirilən dünya çempionatında 1/8 finalda mübarizəni dayandırmışdı. Komanda 2018-ci ildə Rusiyada keçirilən mundiala vəsiqə qazana bilməmiş, 2010 və 2014-cü illərdə 1/8 finalda uduzmuş, 2006-cı ildə qrupdan çıxa bilməmişdi. ABŞ millisinin son böyük uğuru isə 2002-ci ildə dörddəbir finala yüksəlməsi olub.

DenMedia.az