Geri qayıt Çap et

Cüdoçularımız İspaniyada Avropa birinciliyində 5 medal qazandı

İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində yeniyetmə oğlan və qızlar arasında keçirilən cüdo üzrə Avropa çempionatının ilk yarış günü Azərbaycan millisi üçün uğurlu olub.

DenMedia.az azərtaca-a istinadən xəbər verir ki, Azərbaycan yığması günü 2 qızıl, 1 gümüş və 2 bürünc medal ilə başa vuraraq 43 ölkə arasında ümumi komanda hesabında birinci pilləyə yüksəlib.

Qızların yarışında Zəhra Quliyeva 40 kq çəki dərəcəsində finalda Macarıstan təmsilçisi Nora Pirbus-Qrofu tam üstünlüklə məğlub edərək Avropa çempionu olub.

Oğlanlar arasında 50 kq çəki dərəcəsində isə final Azərbaycan idmançıları arasında keçib. Həlledici görüşdə Nihad Ağayev komanda yoldaşı Fərid Rzazadəyə qalib gələrək qızıl medal qazanıb. Fərid Rzazadə isə yarışı gümüş medalla başa vurub.

İbrahim Talıbov 55 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə Ukrayna təmsilçisi Vitaliy Lixoqlyadı məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Günün son medalını isə Könül Eyvazlı qazanıb. O, 48 kq çəki dərəcəsində üçüncü yer uğrunda görüşdə italiyalı Aurora Montalbanodan üstün olub və Avropa çempionatının bürünc medalına sahib çıxıb.

Yarışlar 2 iyuladək davam edəcək. Azərbaycan millisi növbəti yarış günlərində müxtəlif çəki dərəcələrində və qarışıq komanda yarışlarında mübarizəni davam etdirəcək.