Geri qayıt Çap et

Belçika və Misir dünya çempionatına heç-heçə ilə başladı

Belçika və Misir milliləri futbol üzrə dünya çempionatının qrup mərhələsində 1:1 hesablı heç-heçə ediblər.

Qarşılaşma ABŞ-ın Vaşinqton ştatında yerləşən Sietl şəhərində keçirilib.

Oyunda hesabı 19-cu dəqiqədə Misir millisi açıb. Komandanın heyətində Emam Aşur fərqlənib.

Belçika isə ikinci hissədə tarazlığı bərpa edib. 66-cı dəqiqədə Misir millisinin müdafiəçisi Məhəmməd Hani topu öz qapısına göndərib və matçın yekun nəticəsi müəyyənləşib — 1:1.

Hər iki komanda G qrupunda çıxış edir və ilk turdan sonra aktivinə 1 xal yazdırıb. Bu qrupun digər oyununda daha sonra İran və Yeni Zelandiya milliləri qarşılaşacaq.

İkinci turda Belçika 21 iyunda İranla, Misir isə 22 iyuna keçən gecə Yeni Zelandiya ilə üz-üzə gələcək.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatı 19 iyulda başa çatacaq. Turnirdə ilk dəfə 48 komanda iştirak edir. Komandalar 12 qrupa bölünüb.

Pley-off mərhələsinə hər qrupdan ilk iki yeri tutan komandalar, həmçinin üçüncü pillədə qərarlaşan ən yaxşı 8 yığma vəsiqə qazanacaq. Hazırkı dünya çempionu isə Argentina millisidir.

DenMedia.az