İran millisinin 2026-cı il Dünya Kubokunda iştirakı üçün vizalar Türkiyədəki Meksika səfirliyində rəsmiləşdirilib.
IRNA agentliyinin məlumatına görə, bunu İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullahzadə bildirib.
Onun sözlərinə görə, vizalar futbolçulara, komandanın texniki və inzibati heyətinə verilib. Prosedur Türkiyədəki Meksika diplomatik nümayəndəliyində, yığma üzvlərinin şəxsi iştirakı olmadan həyata keçirilib.
Diplomat qeyd edib ki, İran millisi hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır. Komanda üzvlərinin Ankaraya getməsinə ehtiyac qalmaması futbolçulara hazırlığa və 4 iyunda Mali ilə keçiriləcək yoldaşlıq oyununa fokuslanmağa imkan verir.
Qeyd edək ki, 2026-cı il Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
İran millisi turnirin G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacaq.
Daha əvvəl İran millisinin futbolçuları və məşqçiləri üçün ABŞ vizalarının alınması ilə bağlı problemlər yaranmışdı.