“Qarabağ”ın futbolçuları Mateuş Koxalski və Abdulla Zubir UEFA Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçuları sırasında yer alıblar.
Bu barədə “Qarabağ” klubunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu nəticə UEFA-nın mövsümün yekunlarına əsasən dərc etdiyi FedEx Performance Zone statistik hesabatında əks olunub.
Hesabata əsasən, Ağdam təmsilçisinin qapıçısı Mateuş Koxalski turnirdə ən çox seyv edən qapıçılar siyahısında 4-cü yeri tutub. Polşalı qolkiper Çempionlar Liqasında 45 seyv edib. O, bu göstəricidə yalnız Nikita Xaykin, Tibo Kurtua və Uğurcan Çakırdan geri qalıb.
“Qarabağ”ın fransalı hücumçusu Abdulla Zubir isə rəqib meydanının son üçdəbir hissəsində 14 dəfə təkbətək mübarizədən qalib ayrılıb. Futbolçu bu nominasiyada 2-ci yeri bölüşüb və yalnız PSJ-nin ulduz oyunçusu Vitinyadan geri qalıb.
Qeyd edək ki, “Qarabağ” 2025/2026 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsinə qədər yüksəlib. Ağdam klubu həmin mərhələdə iki oyunun nəticəsinə görə İngiltərənin “Nyukasl Yunayted” komandasına uduzub — 1:6 və 2:3.