Abşeron rayonunun Mehdiabad qəsəbəsində gənclərin sağlam inkişafına və idmanın təbliğinə xidmət edəcək növbəti mühüm layihənin açılışı baş tutub.
Denmedia.az xəbər verir ki, Gənclər və İdman Naziri Fərid Qayıbov Mehdiabad qəsəbəsində yerləşən “Cənub” İdman Klubu və Respublika Kompleks İdman Məktəbinin yeni idman zalının açılış mərasiminə qatılıb.
Tədbirdə Azərbaycan Boks Federasiyasının rəhbərliyi, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, veteranlar, idman ictimaiyyətinin nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları idman zalında yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, müasir standartlara cavab verən zalda gənclərin müxtəlif idman növləri ilə peşəkar şəkildə məşğul olması üçün hər cür şərait yaradılıb.
Açılış mərasimində çıxış edən nazir Fərid Qayıbov ölkədə idmanın inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən gənclərin sağlam ruhda böyüməsi, onların idmana marağının artırılması və beynəlxalq arenalarda uğurlar qazanması üçün mühüm addımlar atılır. O bildirib ki, regionlarda və qəsəbələrdə müasir idman infrastrukturunun yaradılması gələcəyin peşəkar idmançılarının yetişməsində mühüm rol oynayır.
Daha sonra çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova Abşeron rayonunda son illər həyata keçirilən genişmiqyaslı abadlıq və sosial layihələrdən danışıb. O qeyd edib ki, rayonda gənclərin asudə vaxtının səmərəli təşkili, onların sağlam həyat tərzinə cəlb olunması və idmana marağının artırılması daim diqqət mərkəzində saxlanılır. Gülnar Rəhimova yeni istifadəyə verilən idman zalının Mehdiabad gənclərinin inkişafına mühüm töhfə verəcəyini bildirib.
Digər çıxış edənlər də gənclər üçün yaradılan bu cür müasir şəraiti yüksək qiymətləndirərək, belə layihələrin gələcək nəslin sağlam və vətənpərvər ruhda formalaşmasına xidmət etdiyini vurğulayıblar.
Sonda tədbir iştirakçıları idman zalında keçirilən nümunəvi məşq prosesini izləyib, gənc idmançılarla xatirə şəkilləri çəkdiriblər.
Nizami Rəsulov
Denmedia.az