Geri qayıt Çap et

Everesti fəth etdi, SSRİ və ABŞ-ni birləşdirdi - Cim Uittakerin hekayəsi sona çatdı

Dünyanın zirvəsinə qalxan ilk amerikalı Cim Uittaker 97 yaşında vəfat edib. Bu barədə Associated Press onun ailəsinə istinadən məlumat yayıb.

Alpinist çərşənbə axşamı Vaşinqton ştatında yerləşən evində dünyasını dəyişib.

1963-cü ildə Everest zirvəsini fəth edən Cim Uittaker bununla tarixə düşüb. Lakin onun uğurları bununla məhdudlaşmayıb — ömrü boyu onlarla ekspedisiyaya rəhbərlik edib. Onlardan ən simvoliki isə 1990-cı ildə keçirilən Beynəlxalq Sülh Ekspedisiyası olub.

“Bu ekspedisiya ABŞ, SSRİ və Çin alpinistlərini bir araya gətirərək əməkdaşlıq və xoş niyyətin nələrə qadir olduğunu göstərdi”, — deyə Cim Uittakerin ailəsi xatırladıb.

Ailəsinin sözlərinə görə, Uittaker ömrü boyu sülh tərəfdarı olub və inanıb ki, təbiətdə qarşılaşılan ortaq çətinliklər sərhədləri və ideoloji fərqləri aradan qaldıra bilir.

“Vəhşi təbiətdə ortaq problemlər insanları, sərhədlərdən və ideologiyalardan asılı olmayaraq, birləşdirir”, — bu, Cim Uittakerin həyat devizi olub.

DenMedia.az