Geri qayıt Çap et

“Çelsi”nin milyardları ətrafında gərginlik London və Abramoviç qarşı-qarşıya

Böyük Britaniya hökumətinin iş adamı Roman Abramoviçin “Çelsi” futbol klubunun satışından əldə etdiyi 2,35 milyard funtu müsadirə etməsi üçün qanuni əsas yoxdur. Bu barədə The Times qəzeti sahibkarın vəkillərinin məktubuna istinadən məlumat yayıb.

Hüquqşünaslar bildiriblər ki, vəsait tamamilə Abramoviçə məxsus olan Fordstam Limited şirkətinin mülkiyyəti olaraq qalır və hər hansı müsadirə cəhdi məhkəmədə mübahisələndiriləcək.

Vəkillərin məktubunda qeyd olunur ki, Böyük Britaniya hökuməti dondurulmuş vəsaitlərin statusunu yanlış şərh edir. Abramoviçin nümayəndələri Londonun bu vəsaiti sahibkara qarşı “cəzalandırıcı tədbir” kimi qiymətləndirməsini qanunsuz adlandırıblar.

Münaqişə 2022-ci ildən davam edir. Həmin vaxt Abramoviç sanksiya siyahısına düşdükdən sonra “Çelsi” klubunu satmağa məcbur qalmışdı. O, əvvəlcə vəsaiti münaqişənin bütün qurbanlarına yardım üçün xeyriyyə məqsədilə yönəltmək niyyətində olduğunu bildirmişdi.

Lakin Böyük Britaniya hakimiyyəti israr edir ki, həmin vəsait yalnız Ukraynaya humanitar yardım üçün istifadə olunmalıdır.

Daha sonra milyarder bildirib ki, klubun satışından əldə edilən vəsaitin bir hissəsini Rusiya Silahlı Qüvvələrinin yaralı əsgərlərinə dəstək üçün ayırmaq istəyir. O, Böyük Britaniyanın baş naziri Kir Starmerin təzyiqlərinə baxmayaraq, bu vəsait üzərində özünün qərar vermək niyyətində olduğunu qeyd edib.

Denmedia.az