Geri qayıt Çap et

Ukrayna dronları “Lukoyl”un Rusiyadakı ən böyük neft emalı zavoduna hücum etdi

Rusiyanın Nijni Novqorod vilayətinə kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirilib. Hücum nəticəsində “Lukoyl” şirkətinə məxsus Kstovo neft emalı zavodunda güclü yanğın baş verdiyi bildirilir.

Rusiya KİV-in məlumatına görə, vilayət qubernatoru Qleb Nikitin noyabrın 1-nə keçən gecə və səhər saatlarında bölgənin kütləvi dron hücumuna məruz qaldığını açıqlayıb.

“Gecə və səhər saatlarında Nijni Novqorod vilayətinə kütləvi PUA hücumu həyata keçirilir. 100-dən çox dron məhv edilib. İlkin məlumata görə, xəsarət alan yoxdur. Kstovo rayonunda yerləşən sənaye müəssisəsinə ciddi ziyan dəyib”, – deyə qubernator sosial şəbəkə hesabında yazıb.

Q.Nikitinin sözlərinə görə, hazırda mülki infrastruktura və əmlaka dəymiş ziyan qiymətləndirilir. Hücumun nəticələrinin aradan qaldırılması üçün müvafiq qüvvə və vasitələr səfərbər olunub, hadisə yerlərində operativ xidmətlər fəaliyyət göstərir.

Bu arada RBC-Ukrayna OSINT (açıq mənbələr əsasında kəşfiyyat) kanallarına istinadən hücumun əsas hədəfinin Kstovo neft emalı zavodu olduğunu bildirib.

Gecə saatlarında sosial şəbəkələrdə müəssisənin ərazisində genişmiqyaslı yanğını əks etdirdiyi iddia olunan görüntülər yayılıb. Yerli sakinlər şəhərdə partlayış səslərinin eşidildiyini bildiriblər.

OSINT kanallarının iddiasına görə, yanğın zavodun eyni vaxtda bir neçə hissəsini əhatə edib. Bununla belə, müəssisədəki dağıntıların miqyası barədə məlumatlar hələ müstəqil şəkildə təsdiqlənməyib.

Qeyd edək ki, Kstovo neft emalı zavodu Rusiyanın beş ən böyük neft emalı müəssisəsindən biridir. Zavod həmçinin istehsal gücünə görə “Lukoyl” şirkətinin ən böyük neft emalı obyektidir.

Müəssisənin layihə üzrə illik emal gücü təxminən 17 milyon ton neft təşkil edir.

Denmedia.az