İran hərbçiləri Küveytə məxsus Bubiyan adasına daxil olmağa cəhd ediblər. Bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadən “Times Kuwait” portalı məlumat yayıb.
Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun altı döyüşçüsündən ibarət qrup xüsusi olaraq kirayələnmiş balıqçı gəmisindən istifadə edərək adaya çıxmağa çalışıb. Baş verən atışma zamanı bir Küveyt hərbçisi yaralanıb, dörd iranlı saxlanılıb, İİKK-nın iki döyüşçüsü isə qaça bilib.
Hadisə ilə əlaqədar İranın Küveytdəki səfiri Məhəmməd Totonçi Küveyt Xarici İşlər Nazirliyinə çağırılıb və ona qəti etiraz bildirilib. Küveyt tərəfi baş verənləri düşmənçilik aktı, ölkənin suverenliyinin və beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırıb. Rəsmi Küveyt İrandan bu cür hərəkətləri dərhal və qeyd-şərtsiz dayandırmağı tələb edib.
Bubiyan Küveytə məxsus ən böyük adadır. Onun sahəsi 863 kvadrat kilometrdir. Ada yaşayışsızdır.