Geri qayıt Çap et

Dubayda gərginlik: Hücumun detalları - 1 ölü, 7 yaralı

İranın Dubaya endirdiyi zərbələrin əsas hədəfinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) qərargahı olduğu iddia edilir. Bu barədə İranın Fars agentliyi məlumat yayıb. Rəsmi mənbələr tərəfindən bu məlumat hələlik təsdiqlənməyib.

Məlumata görə, hücumlar zamanı Dubayın simvollarından sayılan beşulduzlu “Burj Al Arab” otelinə də zərər dəyib. Bildirilir ki, zərbə nəticəsində binanın birinci mərtəbədən altıncı mərtəbəyədək hissəsində yanğın baş verib. Xəsarət alanlarla bağlı rəsmi məlumat açıqlanmayıb.

Bundan əlavə, İran ərazisindən buraxıldığı deyilən pilotsuz aparatların Dubay Beynəlxalq Hava Limanı ərazisinə düşdüyü qeyd olunur. Əmirliyin hava limanlarının operatoru olan Abu Dhabi Airports-un məlumatına görə, hadisə nəticəsində bir nəfər həlak olub, yeddi nəfər xəsarət alıb. Həlak olan şəxsin Asiya ölkələrindən birinin vətəndaşı olduğu bildirilir. Yaralıların vəziyyəti barədə detallı məlumat verilməyib.

Eyni zamanda, Al Arabiya telekanalı iddia edir ki, İran pilotsuz aparatı Dubaydakı “Burj Khalifa” göydələninə yaxınlaşıb və binaya çatmadan partlayıb, nəticədə obyektə zərər dəyməyib.

Bununla yanaşı, Clash Report platforması “Burj Al Arab” otelinin hücum nəticəsində zərər gördüyünü yazıb. Bu məlumat da müstəqil şəkildə təsdiqlənməyib.

Hazırda yayılan məlumatların bir hissəsi rəsmi qurumlar tərəfindən təsdiqlənməyib və hadisə ilə bağlı əlavə açıqlamaların verilməsi gözlənilir.

DenMedia.az